“
Qocaman yazıçı Əbülqasım Hüseynzadə nəql edir ki, o zaman hökumət məktəblərində şagird qəbulu məhdud idi. Buna görə də «Cəmiyyəti- xeyriyyə» oğlanlar üçün birinci dəfə «Səadət» məktəbini açdı. İrandan Mirzə Ələkbər xan adında bir şəxs müdir dəvət edildi. O, Fransada Sorbon universitetini bitirmişdi. Fransız, fars, ərəb və türk dillərini mükəmməl bilirdi. Müasir elm və mədəniyyətdən xəbərdar idi. İki-üç ildən sonra «Səadət» məktəbini başqa yerə köçməyə vadar etdilər. 100 Yeni binada alt-üst mərtəbələrdə iyirmiyə qədər otaq vardı. İldə səkkiz yüz manat kirayə verirdilər. Buraya savadlı müəllimləri dəvət etmişdilər: Əlibəy Hüseynzadə, qarabağlı Fərhad Ağazadə, Terequlov qardaşları, Əli və Hənifə, Hacıbəyov qardaşları, Üzeyir və Ceyhun, qubalı Musa Rza Əsgərli, Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə. Bəhrambəy Axundov isə məktəbin həkimi idi. Nəğmə dərslərini Üzeyir Hacıbəyov aparırdı. Cəhalət nəticəsində xalqın əsrdən geri qaldığını ifadə edən şərqilər, qəmgin musiqi təranələri ətrafa yayılırdı: Millətin halı nə yaman olmuş, Hamının qəlbi qəmilə dolmuş, Bir belə cəhalət olmaz, olmaz... Bir belə cəfalət olmaz, olmaz... Yoldan ötənlər ayaq saxlayıb nəğmələri dinləyirdilər. «Səadət»in şagirdləri birinci sinifdən kitel geyərdilər. Düymələri sarı, hər qolda bir düymə, bir də mavi zolaq, papağın ortasında nişan, üstündə isə məktəbin adı yazılardı. «Səadət»dən sonra Çəmbərə kəndində «Səfa» məktəbi üçün bina tikdilər. Burada kiçik yaşlı uşaqlar səs-səsə verib sabirin məktəb şərqisini oxuyurdular: Məktəb, məktəb, nə dilguşəsən. Cənnət, cənnət desəm cəzasan. Şadam, şadam təfəründən Əlan, əlan gözəl binasan.
”
”